Azacıq da olsa maraq göstərənlərə baş çək
1 Bizlərdən bir çoxumuz bu gün ona görə həqiqətdəyik ki, vaxtilə kimsə Padşahlıq xəbərinə yaxşı münasibətimizi duymuş və marağımızı artırmaq üçün, səbirlə, bəlkə də dəfələrlə bizə baş çəkmişdir. Biz də vicdanla hərəkət edərək, azacıq da olsa maraq göstərən hər kəsə baş çəkirik. Əslində təkrar başçəkmə də İsanın şagird hazırlamaq əmrinə daxildir (Mat. 28:19, 20).
2 Həmsöhbətindəki marağı duymağa çalış. İnsan ədəbiyyat götürməsə də, üzünün ifadəsindən, səsinin tonundan və ya sözlərindən Padşahlıq xəbərinin onda azacıq da olsa maraq oyatdığını hiss etmək olar. Buna əsaslanaraq biz təkrar başçəkmə edə bilərik. Bir nəfərin heç bir ədəbiyyat götürmədiyinə baxmayaraq, qardaş ona beş həftə dalbadal baş çəkmişdi. Altıncı dəfədə o, ədəbiyyatı götürmüş, axırda isə Müqəddəs Kitabı öyrənməyə razılıq vermişdi.
3 Əgər sən kimdəsə maraq hiss etdinsə, vaxtı uzatmayıb, bir neçə gündən sonra ona baş çək. Şeytana imkan vermə ki, insanın ürəyinə səpdiklərini oğurlasın (Mat. 13:19). Söz verdiyin vaxtda gəl (Mat. 5:37).
4 Küçədə. Küçədə və ya qeyri-rəsmi təbliğ edərkən maraqlanan insanla görüş tə’yin etməyə çalışırsanmı? Söhbətin sonunda belə demək olar: «Sizinlə danışmaq mənə xoş idi. Söhbətimizi davam etdirmək üçün sizinlə necə əlaqə saxlaya bilərəm?» Bə’zi təbliğçilər şərait yol verəndə, maraqlanana öz telefon nömrələrini verib onlarınkını alırlar. Sizinlə həmişə eyni küçədə rastlaşan adamlar çəkinmədən öz telefon nömrələrini və ya ünvanlarını sizə verəcəklər. Vermək istəməsələr belə, növbəti dəfə küçədə rastlaşanda yenə də onlarla söhbətə başlamağa çalış.
5 Suvarıb bəslədiyimiz bitki böyüyəndə sevinirik. Eyni tərzdə, insanlara təkrarən baş çəkib, onlara ruhani cəhətdən inkişaf etməyə kömək edəndə sevincimiz aşıb-daşır (1 Kor. 3:6). Azacıq da olsa maraq göstərən hər kəsə baş çəkməyi qarşına məqsəd qoy.