Suallar qutusu
◼ Tanımadığımız insanla internet vasitəsilə ünsiyyət yaratmaqda hansı təhlükələr var?
İnsanların internet vasitəsilə bir-biri ilə tanış olub əlaqə yaratması üçün bir çox Web-saytlar yaradılmışdır. Bu saytlardan bir çoxunda, şəkillər və başqa şəxsi informasiya daxil olmaqla, qısa bioqrafiyalar yerləşdirmək olur. Həmin saytları görən insanlar sonradan bir-birləri ilə əlaqə yarada bilirlər. Bu cür Web-saytlar gənclər arasında çox populyardır və yığıncaqdakı bə’zi gənclər, özünü Yehovanın Şahidi adlandıran kəslərlə əlaqə yaratmaq üçün həmin saytlardan istifadə edirlər.
İnternet vasitəsilə tanış olduğumuz insan öz şəxsiyyəti, Yehova ilə münasibəti və ya niyyətləri haqda asanlıqla yalan danışa bilər (Məz. 26:4). Özünü Yehovanın Şahidi adlandıran insan əslində həqiqi məsihçi olmayan, yığıncaqdan kənar edilmiş, yaxud hətta məsihçiləri büdrətməyə çalışan dönük ola bilər (Qalat. 2:4). Mə’lum olduğu kimi, kiçik yaşlı uşaqları pozan bir çox əxlaqsız insanlar öz qurbanlarını ələ keçirmək üçün bu kimi Web-saytlardan istifadə edirlər.
Hətta biz məktublaşdığımız adamın yığıncaqda yaxşı ad qazandığına əmin olsaq da, saytlarda edilən söhbətlər asanlıqla zərərli mövzulara keçə bilər. Çünki insanlar şəxsən tanımadıqları adamlarla müəyyən sərhəd saxlamağa o qədər də çalışmırlar. Onlar, həmçinin belə ünsiyyətin gizli olduğunu, dediklərindən başqalarının, məsələn, valideynlərinin və ya ağsaqqalların xəbər tutmayacaqlarını düşünə bilərlər. Təəssüf ki, məsihçi ailələrindən bir sıra gənclər bu tələyə düşmüş və ədəbsiz söhbətlərə cəlb edilmişlər (Efes. 5:3, 4; Kolos. 3:8). Digərləri özlərinin ehtiras oyadan şəkillərini, ədəbsiz ləqəbləri və ya açıq-saçıq musiqi kliplərini öz saytlarına daxil etmişlər.
Yuxarıda deyilənləri nəzərə alaraq, valideynlər uşaqlarının kompüterdən necə istifadə etdiklərinə nəzarət etməlidirlər (Sül. məs. 29:15). Tanımadığımız adamı evimizə də’vət etmək və ya uşaqlarımızla tək qoymaq təhlükəli olardı. Bunun kimi də, yad adamlarla, hətta özlərini Yehovanın Şahidi adlandıran kəslərlə də internet vasitəsilə dostlaşmaq həm bizim, həm də uşaqlarımız üçün təhlükəlidir (Sül. məs. 22:3).