Ondan tam istifadə edirsənmi?
1 «Ondan xidmətdə istifadə etməyi səbirsizliklə gözləyirəm!» Bu sözləri «Gözətçi Qülləsi»nin 2008-ci il 1 yanvar sayını oxuyan bir bacı yazmışdır. Sən kütləvi nəşrin müntəzəm olaraq çıxan rubrikalarından bəzilərini nəzərdən keçirərək, xidmətdə onlardan istifadə etməyin üsullarını tapmısanmı?
2 «İsadan nə öyrənirik?» Yəqin sən də razılaşacaqsan ki, bu rubrikanın köməyilə asanlıqla Müqəddəs Kitab öyrənməsinə başlamaq mümkündür. Əgər hələ bunu etməmisənsə, məqalənin başlığını ev sahibinə oxu və sonra onun diqqətini, birinci abzasda göstərildiyi kimi, İsanın bu barədə nə dediyinə yönəlt. Həmsöhbətin maraq göstərəndə düşündürücü suallar şəklində tərtib olunmuş yarımsərlövhələrdən istifadə edərək müzakirəni davam etdirməyə çalış. Onu suallara dair öz fikrini bildirməyə təşviq et. Abzasla bağlı şəkilləri qısa olaraq izah et və növbəti abzasa keç. İlk gəlişində məqaləni yarıya kimi, təkrar gəldikdə isə axıra qədər müzakirə edə bilərsən. «Müqəddəs Kitab öyrədir» kitabı vasitəsilə öyrənməni davam etdirməyə hazır ol.
3 «Ailə xoşbəxtliyinin açarları». Bu rubrika ərlərə, arvadlara və valideynlərə ailədəki əmin-amanlığı pozan problemlərlə üzləşdikdə Müqəddəs Kitab prinsiplərini necə tətbiq etməli olduqlarını göstərmək üçün nəzərdə tutulub. Həmçinin bu məqalələrin vasitəsilə Yehovanın Şahidi olmayanlara da Müqəddəs Kitabdakı müdrikliyi görməyə kömək etmək olar (2 Tim. 3:16, 17).
4 Gənclər üçün rubrikalar. Oxucunu düşündürən tərzdə tərtib olunmuş «Gənc oxucularımız üçün» adlı rubrikadan Müqəddəs Kitabın müəyyən parçasını tədqiq etmək üçün istifadə etmək olar. Bu məqalələrdən istifadə edərək xidmətdə qarşılaşdığın gənclərə Allahın Kəlamını öyrənməyin praktiki dəyərini görməyə kömək edə bilərsən (Məz. 119:9, 105). Valideynlərlə söhbət edəndə onların diqqətini «Uşaqlarınızı öyrədin» rubrikasına yönəltmək olar. Bu məqalələr balaca uşaqlara Müqəddəs Kitab personajlarından vacib şeylər öyrənməyə kömək edəcək. Hər fürsətdən istifadə edərək bu məqalələri öz uşaqlarınla oxuyursanmı?
5 Digər rubrikalar. «Oxucularımız soruşur» rubrikasında Yehovanın Şahidi olmayan oxucuların qaldırdıqları suallar araşdırılır. Evdən-evə təbliğ zamanı jurnal təklif edərkən bu məqaləni həmsöhbətinlə müzakirə edə bilərsən. «Gələn məktub» rubrikası missionerlərin və başqalarının xidmətdə qarşılaşdığı çətinliklərdən bəhs edən, birinci şəxs tərəfindən nəql edilən canlı hekayədir. Bu məqalələr maraqlananlara Məsihin ‘iştirakının’ (YD) əlamətinin həyata keçməsinə sübut olaraq xoş xəbərin bütün dünyada təbliğ olunmasını görməyə kömək edə bilər (Mat. 24:3, 14).
6 Müqəddəs Kitabın «Teokratik Xidmət Məktəbi» üzrə oxunmasına əsaslanan «Allaha yaxınlaşın» adlı rubrika səmimi insanlarda Yehova haqqında daha çox öyrənmək istəyi yarada bilər. «Onların imanını təqlid edin» rubrikasında Müqəddəs Kitab personajları — onların seçimləri, çətinlikləri, imanları müasir oxucular üçün canlandırılaraq, insanlara Müqəddəs Kitab hadisələrini aydın təsəvvür etməyə kömək edir.
7 «Gözətçi Qülləsi»nin xidmətdə istifadə etmək üçün nəzərdə tutulmuş üç aydan bir çıxan sayını almaq necə də sevindiricidir! Gəlin onun məzmunu ilə yaxından tanış olmaq və xidmətdə ondan tam istifadə etmək üçün əlimizdən gələni edək.