Rayon konqresi ruhaniliyimizi qorumağa kömək edir
1. Xoş xəbəri bəyan etmək tapşırığını yerinə yetirməkdə bizə kömək etmək üçün Yehovanın gördüyü tədbirlərdən biri hansıdır?
1 Yehova bizə xoş xəbəri bölüşməyi tapşırmaqla yanaşı, bu işi yerinə yetirmək üçün bilik və təlim verir, həmçinin ruhlandırır (Mat. 24:14; 2 Tim. 4:17). Hər il keçirilən rayon konqresləri Yehovanın bunu etmək üçün gördüyü tədbirlərdən biridir. Rayon konqresinin 2010-cu xidmət ili üçün olan yeni proqramın mövzusu Romalılara 8:5 və Yəhuda 17-19 ayələrinə əsaslanaraq «Ruhaniliyini qoru» adlanır. Bu proqram 2009-cu il avqustun 31-dən etibarən keçirilməyə başlayacaq.
2. a) Rayon konqresindən hansı faydanı əldə edəcəyik? b) Ötən rayon konqresinin xidmətdə sizə hansı köməyi dəymişdir?
2 Bizə faydası. Proqram bizi təhlükələrdən, məsələn, vaxtımızı alan və diqqətimizi vacib məsələlərdən yayındıran şeylərdən xəbərdar edəcək. Özbaşınalıq ruhuna necə qarşı dura biləcəyimizi öyrənəcək və ruhani insan olmağa nəyin daxil olduğunu araşdıracağıq. Bazar günü söylənəcək məruzələr silsiləsi göstərəcək ki, ayrı-ayrı şəxslər və ya ailələr getdikcə artan təqiblər və iman sınaqları qarşısında ruhaniliklərini möhkəmləndirmək üçün hansı addımları ata bilərlər. Proqram kömək edəcək ki, ürəyimizi, ruhani sağlamlığımızı qoruyaq və bu cür davranan insanları gözləyən xeyir-duaları yaddaşımıza həkk edək.
3. Növbəti rayon konqresi nə vaxt olacaq və sən nəyə qərarlı olmalısan?
3 Rayon konqresinin harada və nə vaxt keçiriləcəyini bilən kimi, hər iki günün bütün hissələrində olmaq və diqqətlə qulaq asmaq üçün lazımi tədbirləri gör. Əmin ol ki, Yehova çalışqan insana xeyir-dua verir (Sül. məs. 21:5).
4. Qarşıdan gələn rayon konqresindən hansı faydanı əldə edəcəyimizə əminik?
4 Həqiqətən də, bu yaxşı bəxşişin Mənbəyi Yehovadır. Sadiq qulun hazırladığı proqram məsihçi xidmətini icra etmək üçün lazım olan təlim olacaq. Bizə ‘iqrar etdiyimiz ümidi tərəddüd etmədən möhkəm tutmağa’ kömək etmək üçün məhəbbətlə etdiyi hər şeyə görə Yehovaya minnətdarıq (İbr. 10:23-25; Yaq. 1:17).