Sən qeyri-rəsmi şahidlik edə bilərsən!
1. a) Qeyri-rəsmi şahidlik dedikdə nə nəzərdə tutulur? b) Bugünkü görüşümüzdə iştirak edənlərdən neçə nəfər qeyri-rəsmi təbliğ sayəsində həqiqətlə tanış olmuşdur?
1 Yığıncağınızda həqiqətlə qeyri-rəsmi təbliğin sayəsində tanış olan nə qədər bacı-qardaş tanıyırsınız? Ola bilsin, cavab sizi təəccübləndirsin. Qeyri-rəsmi şahidlik etmək səyahət edəndə, qohum və ya qonşulara qonaq gedəndə, mağazada, məktəbdə, bir sözlə, insanlarla qarşılaşdığımız hər yerdə xoş xəbəri bölüşmək deməkdir. 200 nəfərdən çox vəftiz olunmuş bacı-qardaşdan ibarət olan bir qrupun 40 faizi həqiqətlə qeyri-rəsmi şahidlik zamanı tanış olmuşlar! Buna görə də bu təbliğ üsulu çox effektivdir.
2. Müqəddəs Kitabda qeyri-rəsmi təbliğin hansı nümunələri var?
2 Birinci əsrdəki təbliğçilər, adətən, qeyri-rəsmi şahidlik edirdilər. Məsələn, İsa Samariyadan keçərkən Yaqubun quyusundan su çəkməyə gələn qadına şahidlik etdi (Yəh. 4:6—26). Filip Yeşaya peyğəmbərin kitabını oxuyan həbəşistanlı xədimlə söhbətinə belə bir sualla başladı: «Oxuduğunu heç anlayırsanmı?» (Həv. iş. 8:26—38). Filipidə həbsdə olarkən həvari Pavel həbsxana rəisinə şahidlik etmişdi (Həv. iş. 16:23—34). Sonra ev həbsində olanda Pavel «yanına gələnlərin hamısını qəbul edirdi. Allahın Səltənətini təbliğ edib Rəbb İsa Məsih barəsindəki həqiqəti böyük cəsarətlə və kimsədən maneçilik görmədən öyrədirdi» (Həv. iş. 28:30, 31). Utancaq olmağına baxmayaraq, sən də qeyri-rəsmi şahidlik edə bilərsən. Bunu necə etmək olar?
3. Utancaqlığın öhdəsindən gəlməkdə bizə nə kömək edə bilər?
3 Nədən başlamaq olar? Çoxları üçün tanımadıqları insanlarla söhbətə başlamaq çətindir. Hətta tanıdığımız insanlara belə həqiqəti çatdırmağa çəkinə bilərik. Lakin Yehovanın xeyirxahlığı, xidmətçilərinə verdiyi ruhani ənamlar və bu dünyadakı insanların acınacaqlı vəziyyəti barədə düşünsək, bu, bizi söhbətə başlamağa təşviq edəcək (Yun. 4:11; Məz. 40:5; Mat. 13:52). Bundan əlavə, cəsarətlənmək üçün Yehovadan kömək diləyə bilərik (1 Salon. 2:2). Gilead Məktəbini keçən bir qardaş deyir: «İnsanlarla söhbət etmək çətin olanda dua etmək həmişə mənə kömək edir». Əgər danışmağa çəkinirsənsə, ürəyində qısaca dua et (Neh. 2:4).
4. Başlanğıc üçün qarşımıza hansı məqsədi qoymalıyıq və nəyə görə?
4 Adından da göründüyü kimi, qeyri-rəsmi təbliğ zamanı söhbətə təqdimədən və ya Müqəddəs Kitab ayəsindən başlamaq mütləq deyil. Məqsədimiz dərhal təbliğ etmək yox, sadəcə söhbətə başlamaq olsa, bunu etmək bizim üçün asan olacaq. Bir çox təbliğçilər qeyd edirlər ki, bunun sayəsində xoş xəbəri təbliğ etmək üçün onlarda əminlik yaranır. Əgər insan bizimlə danışmaq istəmirsə, onu məcbur etmək lazım deyil. Sadəcə söhbəti nəzakətlə bitirib oradan uzaqlaşmaq olar.
5. Bir bacıya qeyri-rəsmi təbliğ etməyə nə kömək edir?
5 İnsanlarla söhbətə başlamağa çəkinən bir bacı bazarlıq edən zaman insanın üzünə baxır və mehribanlıqla gülümsəyir. Əgər qarşısındakı adam da ona gülümsəyirsə, o, qısaca olaraq nə isə deyir. Həmin adam müsbət hay verəndə söhbətə davam etmək üçün bacıda əminlik yaranır. O diqqətlə qulaq asır və insan üçün nəyin maraqlı olduğunu və xoş xəbəri ona necə çatdıra biləcəyini başa düşməyə çalışır. Bu üsuldan istifadə edərək o, çoxlu ədəbiyyat paylamış, hətta insanlarla Müqəddəs Kitabı öyrənməyə başlamışdır.
6. Qeyri-rəsmi surətdə təbliğ etmək üçün söhbətə necə başlamaq olar?
6 Söhbətə başla. Söhbətə nədən başlamaq olar? İsa su quyusunun yanında samariyalı qadınla söhbətinə sadəcə ondan su istəməklə başladı (Yəh. 4:7). Eynilə biz də söhbətə insanı səmimi salamlamaqla və ya sual verməklə başlaya bilərik. Söhbət əsnasında Müqəddəs Kitabdan fikirlər söyləmək və həqiqət toxumunu səpmək imkanı yarana bilər (Vaiz 11:6). Bəziləri insanda maraq oyadacaq və suallar doğuracaq fikirlər söyləyirlər. Məsələn, xəstəxanada növbəmizi gözləyərkən söhbətə başlamaq üçün deyə bilərik: «Kaş heç vaxt xəstəlik olmayaydı!»
7. Diqqətli olmaq qeyri-rəsmi şahidlik etməyə necə kömək edir?
7 Diqqətli olmağın sayəsində də maraqlı söhbətə başlamaq mümkündür. Məsələn, hansısa valideynin uşağının tərbiyəli olduğunu görəndə valideyni tərifləyib soruşmaq olar: «Uşağınıza yaxşı tərbiyə verməkdə sizə nə kömək edir?» Bir bacı iş yoldaşlarının nə haqda söhbət etdiklərinə diqqət yetirir, sonra onları maraqlandıran mövzuya dair konkret məlumat tapır və onlarla bölüşür. İş yoldaşlarından bir qadının ərə getməyə hazırlaşdığını biləndə bacı ona toyu necə planlaşdırmağın müzakirə olunduğu «Oyanın!» jurnalını verdi. Bunun sayəsində onların sonra da Müqəddəs Kitab əsasında söhbətləri alındı.
8. Söhbətə başlamaq üçün ədəbiyyatlarımızdan necə istifadə edə bilərik?
8 Söhbətə başlamağın digər üsulu isə başqalarının gözü qabağında ədəbiyyat oxumaqdır. Bir qardaş «Gözətçi Qülləsi» və ya «Oyanın!» jurnalından maraqlı məqalələri açıb ürəyində oxuyur. Yanında oturanlardan kiminsə jurnala baxdığını görəndə o, sual verir, yaxud da mövzuya dair qısaca fikrini bildirir. Bu, söhbət etməyə və şahidlik verməyə imkan yaradır. Nəşrlərimizdən birini görünən yerdə saxlamaq da iş və ya sinif yoldaşlarımızda maraq oyada bilər.
9, 10. a) Qeyri-rəsmi şahidlik etmək üçün hansı imkanları axtarıb tapa bilərik? b) Səndə bu, alınıbmı?
9 Təbliğ etmək üçün imkanlar axtar. Təbliğ işinin təcili olduğunu nəzərə alaraq biz qeyri-rəsmi şahidlik etməyi təsadüfün öhdəsinə buraxmamalıyıq. Əksinə, gündəlik həyatımızda şahidlik etmək üçün imkanlar axtarmalıyıq. Qarşılaşacağın insanlar və onlarla səmimi söhbətə necə başlayacağın haqda qabaqcadan düşün. Qoy Müqəddəs Kitab və maraq göstərənlərə vermək istədiyin ədəbiyyatlar həmişə yanında olsun (1 Pet. 3:15).
10 Bir çox təbliğçilər qeyri-rəsmi şahidlik etmək üçün imkanlar axtarıb tapırlar. Xüsusi mühafizə olunan binada yaşayan bir bacı evin istirahət guşəsində oturub kiçik hissələri birləşdirərək gözəl təbiət mənzərələri yığır. İnsanlar ayaq saxlayıb şəkildəki gözəl mənzərə barədə danışanda o, fürsətdən istifadə edərək söhbətə başlayır və Müqəddəs Kitabın «yeni bir səma və yeni bir yer» vəd etdiyini deyir (Vəhy 21:1—4). Sən də qeyri-rəsmi təbliğ etmək üçün başqa üsullar axtarıb tapa bilərsənmi?
11. Qeyri-rəsmi şahidlik zamanı maraq göstərən insanın marağını necə artıra bilərik?
11 İnsanın marağını artır. Əgər kimsə sənə qulaq asırsa, onun marağını artırmağa çalış. Müvafiq olaraq, həmin adama deyə bilərsən: «Sizinlə söhbət etmək mənə xoş oldu. Söhbətimizə davam etmək üçün sizinlə harada görüşə bilərik?» Bəzi təbliğçilər təbliğ etdikləri adamlara öz ünvanlarını və telefon nömrələrini verib deyirlər: «Sizinlə söhbət etmək çox xoşuma gəldi. Əgər danışdığımız mövzu haqqında daha çox məlumat almaq istəsəniz, mənimlə əlaqə saxlaya bilərsiniz». Əgər sən özün ona baş çəkə bilməyəcəksənsə, müvafiq yığıncaqdan kiminsə ona baş çəkməsi üçün «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankını doldur və öz yığıncağının katibinə ver.
12. a) Nəyə görə qeyri-rəsmi təbliğə sərf etdiyimiz vaxtı hesabata daxil etməliyik? b) Qeyri-rəsmi təbliğin nəticəsində nələrə nail olunur? («Qeyri-rəsmi təbliğ yaxşı nəticələr gətirir» adlı çərçivəyə bax.)
12 Qeyri-rəsmi təbliğə sərf etdiyimiz vaxtı hesabata daxil etməliyik. Buna görə də, gündə beş dəqiqə də olsa, təbliğ etdiyimiz vaxtın hamısını qeyd etməyə çalışmalıyıq. Unutmayaq ki, əgər hər bir təbliğçi gündə beş dəqiqə qeyri-rəsmi təbliğ etsə, ayda 17 milyondan çox saat alınacaq.
13. Qeyri-rəsmi şahidlik etməyə bizi nə təşviq etməlidir?
13 Allahı və yaxınlarımızı sevməyimiz bizə qeyri-rəsmi şahidlik etmək üçün əsaslı səbəb verir (Mat. 22:37—39). Yehovanın xüsusiyyətlərinə və niyyətinə görə minnətdarlıqla dolu ürəyimiz bizi Onun ‘Padşahlığının izzəti və əzəməti’ haqda danışmağa təşviq edir (Məz. 145:7, 10—12). Yaxınlarımıza duyduğumuz səmimi məhəbbət bizi, hələ ki vaxt var, hər bir imkandan istifadə edərək onlara xoş xəbəri çatdırmağa təşviq edəcək (Rom. 10:13, 14). Qabaqcadan bir az düşünüb hazırlaşmağın sayəsində hamımız qeyri-rəsmi təbliğ edə bilərik, hətta, ola bilsin, səmimi-qəlbli insanlardan kiməsə həqiqəti çatdırmaqdan sevinc əldə edə bilərik.
[4-cü səhifədəki yazı]
Qarşına insanlarla sadəcə söhbətə başlamaq məqsədini qoysan, bunu etmək sənin üçün asan olacaq
[5-ci səhifədəki yazı]
Bir çox təbliğçilər qeyri-rəsmi şahidlik etmək üçün imkanlar axtarıb tapırlar
[5-ci səhifədəki çərçivə]
Söhbətə necə başlamaq olar?
◼ Kömək üçün dua et
◼ Gülərüz və tələsməyən insanlara yaxınlaş
◼ İnsanların üzünə bax, gülümsə və ümumi bir şey haqqında danış
◼ Yaxşı dinləməyi bacar
[6-cı səhifədəki çərçivə]
Qeyri-rəsmi təbliğ yaxşı nəticələr gətirir
• Bir dəfə bir qardaş maşınının təmir edilməsini gözləyərkən yanındakı insanlara şahidlik edib onlara açıq məruzəyə dəvətnamələr verdi. Bir il sonra konqresdə tanımadığı bir qardaş onu ürəkdən salamlayır. Bu, onun bir il bundan qabaq qarajda dəvətnamə verdiyi kişi idi. Sən demə, həmin adam konqresdə məruzəyə qulaq asmağa gedib və Müqəddəs Kitabı öyrənməyə başlayıb, sonra da həyat yoldaşı ilə birlikdə vəftiz olunub.
• Qeyri-rəsmi şahidlik nəticəsində həqiqəti eşidən bir bacı özü üçün xüsusi bir ərazi müəyyən edib. Adətən, o, üç övladı vasitəsilə qarşılaşdığı insanlara şahidlik edir. Bura onun qonşuları, məktəbdə və valideynlər iclasında qarşılaşdığı insanlar daxildir. Tanışlıqdan sonra o, sadə tərzdə və səmimi-qəlbdən qeyd edir ki, uşaqlarının tərbiyəsində Müqəddəs Kitab vacib rol oynayır, sonra isə başqa mövzuya keçir. İnsanlarla xoş münasibət qurduqdan sonra növbəti dəfə Müqəddəs Kitab əsasında söhbət etmək artıq onun üçün asan olur. Bu üsulla o, 12 nəfərə vəftiz olunmağa kömək edib.
• Bir dəfə sığorta agenti bir bacının evinə gələndə o, fürsətdən istifadə edərək şahidlik verdi. Bacı ondan soruşdu: «Siz sağlamlığa, xoşbəxtliyə və əbədi həyata dair zəmanətinizin olmasını istəməzdinizmi?» O, müsbət cavab verib onun hansı sığortadan bəhs etdiyini soruşdu. Bacı ona Müqəddəs Kitabın vədini göstərdi və bir ədəbiyyat verdi. Kişi ədəbiyyatı elə həmin axşam oxuyub qurtardı. O, Müqəddəs Kitabı öyrənməyə, yığıncaq görüşlərinə gəlməyə başladı, sonra da vəftiz olundu.
• Bir bacı təyyarədə yanında oturan qadınla söhbətə başladı və ona təbliğ etdi. Axıra yaxın bacı qadına öz ünvanını və telefon nömrəsini verdi və dedi ki, gələn dəfə Yehovanın Şahidləri ona baş çəkəndə onunla Müqəddəs Kitabı öyrənmələrini xahiş etsin. Elə səhəri gün onun qapısını iki Şahid döydü. Qadın Müqəddəs Kitabı öyrənməyə başladı, qısa müddət ərzində ruhən inkişaf etdi, vəftiz olundu və tezliklə onun özü üç nəfərlə Müqəddəs Kitabı öyrənməyə başladı.
• Qocalar evində yaşayan və gözləri görməyən 100 yaşlı qardaş, adətən, belə deyir: «Bizim Padşahlığa ehtiyacımız var». Bu, orada işləyənlərdə və qocalarda sual doğurur, qardaş da fürsətdən istifadə edib Padşahlığın nə olduğunu izah edir. Orada işləyən qadınlardan biri ondan cənnətdə nə ilə məşğul olacağını soruşanda o, belə cavab verdi: «Gözlərim açılacaq, ayaqlarım yeriyəcək və əlil arabamı yandıracağam». Qardaşın gözləri görmədiyi üçün həmin qadından ona jurnalları oxumağı xahiş edir. Qızı onu görməyə gələndə qadın ondan bu jurnalları evə aparmaq üçün icazə aldı və ona dedi: «İndi bizim qocalar evində yeni mövzumuz var: “Bizim Padşahlığa ehtiyacımız var”».
• Restoranda növbə gözləyən bacı bir neçə yaşlı kişinin siyasi mövzuda söhbət etdiklərini eşitdi. Onlardan biri hökumətin insanların problemlərini həll edə bilmədiyini dedi. Bacı: «Bu, mənim üçün bir fürsətdir», — deyə fikirləşdi. O, qısaca dua edib kişilərə yaxınlaşdı. Özünü təqdim etdikdən sonra onlara bəşəriyyətin problemlərini həll edəcək hökumətdən, Allahın Padşahlığından danışdı və broşüra təklif etdi. Elə bu an restoranın meneceri onlara yaxınlaşdı. Bacı elə bildi ki, menecer ondan restoranı tərk etməyi xahiş edəcək. Əksinə, o, söhbəti eşitdiyini dedi və broşüra istədi. Onların söhbətini eşidən digər restoran işçisi də göz yaşları içində onların yanına gəldi. Qadın əvvəllər Müqəddəs Kitabı öyrənib, indi yenidən öyrənməyə başlamaq istəyirdi.