Qulaq asın və öyrənin
1. Nəyə görə vilayət konqreslərində qulaq asmaq və öyrənmək üçün daha çox səy tələb olunur?
1 Tezliklə 2013-cü ilin vilayət konqresləri keçirilməyə başlayacaq. Bütün dünyadakı bacı-qardaşlarımızın tələbatlarını ödəyən bu proqramın hazırlanması üçün böyük işlər görülüb. Konqresin hər üç günündə iştirak etmək üçün əlindən gələni etmisənmi? Böyük konqreslərdə diqqəti yayındıran çoxlu şeylər olduğundan diqqətini proqrama cəmləmək üçün daha çox səy göstərmək lazım gələ bilər. Yığıncaq görüşlərindən fərqli olaraq, konqres proqramı daha uzun olduğundan fikrimizi toplayıb qulaq asmaq çətin ola bilər. Üstəlik, uzun yol qət etməyimiz və digər amillər ucbatından yorula bilərik. Qulaq asıb öyrənmək üçün sayıqlığımızı qorumağa nə kömək edəcək? (Qanun. t. 31:12).
2. Ürəyimizi konqresin proqramına necə hazırlaya bilərik?
2 Konqresdən qabaq. Rəsmi veb-saytımızda (www.jw.org) konqresin proqramı qabaqcadan yerləşdirilir. Orada bütün məruzələrin adları və onların əsaslandığı bir-iki açar ayə qeyd olunur. Əgər İnternetə daxil olmaq imkanınız varsa, bu məlumatı nəzərdən keçirməklə ürəyinizi konqresə hazırlayacaqsınız (Ezra 7:10, «Kitabı Mukaddes»). Ailənizin konqresi səbirsizliklə gözləməsi üçün qabaqcadan proqramı ailəvi ibadət axşamında müzakirə edə bilərsinizmi?
3. Diqqətlə qulaq asmaqda bizə nə kömək edə bilər?
3 Proqram vaxtı. İmkan daxilində ayaqyoluna görüş başlamazdan əvvəl get. Və mümkünsə, telefonunu söndür ki, zənglər və ya mesajlar diqqətini yayındırmasın, yaxud da proqram vaxtı başqalarına mesaj yazmaq istəyi yaranmasın. Əgər vacib zəng gözləyirsənsə, telefonu elə rejimə qoy ki, başqalarına mane olmasın. Planşetdən istifadə edərkən də çalış, başqalarının diqqətini yayındırmayasan. Proqram zamanı yemək və içmək düzgün deyil (Vaiz 3:1). Gözlərini natiqdən ayırma. Ayələri öz Müqəddəs Kitabından izlə və qısa qeydlər et.
4. Valideynlər uşaqlarına qulaq asmağa və öyrənməyə necə kömək edə bilərlər?
4 Biz uşaqlarımızın da qulaq asmalarını və öyrənmələrini istəyirik. Süleymanın məsəlləri 29:15 ayəsində deyilir: «Özbaşına qalan uşaq anasını rüsvay edər». Buna görə də ailələrin birgə oturması yaxşı olardı. Bu zaman valideynlər uşaqlarına nəzarət edə biləcəklər ki, onlar söhbət etmək, mesajlaşmaq və ya ətrafda dolaşmaq əvəzinə, diqqətlə proqrama qulaq assınlar. Əgər uşaqlar məruzələri başa düşəcək yaşda deyillərsə, onda onlara görüş vaxtı yatmamağı və sakit oturmağı öyrətmək olar.
5. Proqramı təkrarlamaq nəyə görə faydalıdır və biz bunu necə edə bilərik?
5 Hər gün proqramdan sonra. Çalış, gecəyarısına qədər oturmayasan. Tez yat ki, kifayət qədər dincələ biləsən. Konqresdə eşitdiklərini təkrarlamaq onların yadında qalmasına kömək edəcək. Buna görə də hər axşam proqramı bir neçə dəqiqə ərzində ailəlikcə müzakirə etmək faydalı olardı. Əgər dostlarınla kafeyə və ya restorana gedirsənsə, onda qeydlərini özünlə götür və xoşuna gələn bir-iki fikri onlarla bölüş. Konqresdən sonra evə qayıdanda ailəvi ibadət zamanı vaxt ayıraraq eşitdiyiniz məlumatı ailəlikcə necə tətbiq edə biləcəyinizi müzakirə edin. Həmçinin yeni çıxan nəşrlərin hər birini araşdırmaq üçün hər həftə vaxt ayırmaq olar.
6. Konqresdə sadəcə iştirak etmək kifayətdirmi? İzah et.
6 Əgər getdiyimiz ziyafətdə heç nə yeməsək, ondan ləzzət almayacağıq. Eyni şeyi ruhani ziyafət — vilayət konqresi barədə də demək olar. Gəlin bu ruhani ziyafətin hər bir hissəsində iştirak etməklə, diqqətlə qulaq asmaqla və öyrəndiklərimizi tətbiq etməklə ondan tam fayda əldə edək.