Yeniyetmə qardaşlar, məqsədlərə can atırsınızmı?
1. Qardaşlar 1 Timoteyə 3:1 ayəsindəki göstərişə nə vaxtdan əməl edə bilərlər?
1 Ruhani məqsədlərə «can atan adam yaxşı iş görür» (1 Tim. 3:1). Bu ilhamlanmış sözlər qardaşları yığıncaqda məsuliyyətlər almaq üçün tələblərə müvafiq olmağa təşviq edir. Bu məsələdə yaş rol oynayır? Əslində, məsuliyyətlərə uşaq yaşlarından can atmaq daha yaxşı olardı. Belə etməklə sən təcrübə toplaya və böyüyəndə xidməti köməkçi olmaq üçün yararlı olduğunu göstərə bilərsən (1 Tim. 3:10). Bəs vəftiz olunmuş yeniyetmə qardaşlar ruhani məqsədlərə necə can ata bilərlər?
2. Fədakarlıq ruhunu necə inkişaf və təzahür etdirmək olar?
2 Fədakar ol. Unutma ki, can atmalı olduğun şey ad-san yox, yaxşı işlərdir. Buna görə də ürəyində bacı-qardaşlara kömək etmək istəyi yarat. Bu işdə İsanın gözəl nümunəsi üzərində düşünmək faydalı ola bilər (Mat. 20:28; Yəh. 4:6, 7; 13:4, 5). Yehovadan xahiş et ki, səndə başqalarına qarşı səmimi maraq göstərmək istəyi oyatsın (1 Kor. 10:24). Yığıncağınızdakı yaşlılara və sağlamlığında problemi olanlara köməklik göstərə bilərsənmi? Padşahlıq zalının həyətyanı sahəsinin təmizliyində iştirak edə və digər qruplara təmizlik işində kömək edə bilərsənmi? Lazım gəldikdə Teokratik Xidmət Məktəbində gəlməyənin əvəzinə çıxış edə bilərsənmi? Unutma ki, başqalarının rifahı üçün əlindən gələni edəndə sevinc əldə edəcəksən (Həv. iş. 20:35).
3. Ruhanilik nə dərəcədə vacibdir və buna necə nail olmaq olar?
3 Ruhaniliyə can at. Yığıncaqda xidmət etmək üçün xüsusi qabiliyyət və fitri istedaddan çox, ruhanilik tələb olunur. Ruhani insan hər şeyə Yehovanın və İsanın gözü ilə baxmağa çalışır (1 Kor. 2:15, 16). O, «ruhun bəhrəsi»ni təzahür etdirir (Qalat. 5:22, 23). Belə insan Padşahlığın maraqlarını birinci yerə qoyur və səylə təbliğ edir (Mat. 6:33). Müntəzəm şəxsi öyrənmə etməklə ruhani keyfiyyətlər inkişaf etdirə bilərsən. Bura hər gün Müqəddəs Kitabı oxumaq, eləcə də «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının hər bir sayını oxumaq, yığıncaq görüşlərinə hazırlaşmaq və orada iştirak etmək daxildir (Məz. 1:1, 2; İbr. 10:24, 25). Pavel gənc Timoteyi ruhən tərəqqi etməyə təşviq edərkən yazmışdı: «Verdiyin təlimə həmişə diqqət yetir» (1 Tim. 4:15, 16). Buna görə də Teokratik Xidmət Məktəbində aldığın tapşırıqlara yaxşı-yaxşı hazırlaş. Xidmətə qabaqcadan hazırlaş və təbliğdə müntəzəm iştirak et. Qarşına pioner olmaq, Bet-Eldə xidmət etmək və ya Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbində təlim almaq kimi ruhani məqsədlər qoy. Ruhanilik sənə «gəncliyə xas istəklərdən qaç»mağa kömək edəcək (2 Tim. 2:22).
4. Etibarlı və sədaqətli olmaq nə üçün vacibdir?
4 Etibarlı və sədaqətli ol. Birinci əsrdə ehtiyacı olan məsihçilərə yemək paylamaq üçün təyin olunan qardaşlar yaxşı ad qazanmışdılar və görünür, hamı onları etibarlı və sədaqətli insan kimi tanıyırdı. Bu səbəbdən həvarilər işin necə icra olunacağı barədə narahat olmurdular. Bu, imkan verirdi ki, həvarilər diqqətlərini digər vacib məsələlərə cəmləyə bilsinlər (Həv. iş. 6:1—4). Buna görə də yığıncaqda sənə hər hansı tapşırıq veriləndə çalış ki, onu bacardığın qədər yaxşı yerinə yetirəsən. Gəmi tikmək tapşırığı alan və bütün göstərişlərə tam riayət edən Nuhdan nümunə götür (Yar. 6:22). Yehova yetkinliyin əlaməti olan sədaqətlilik xüsusiyyətini çox qiymətləndirir. (1 Kor. 4:2; «Təcrübə qazanmağın faydası» adlı çərçivəyə bax.)
5. Yeniyetmə qardaşlar nəyə görə ruhani məqsədlərə can atmalıdırlar?
5 Peyğəmbərlik edildiyi kimi, Yehova yığım işini sürətləndirir (Yeşaya 60:22). Orta hesabla hər il iki yüz əlli min insan vəftiz olunur. Hər il həqiqətə bu qədər insan gəldiyindən yığıncaqdakı məsuliyyətləri icra etmək üçün yararlı ruhani kişilərə ehtiyac var. Bu gün Yehovaya xidmətdə görüləsi işlər həmişəkindən daha çoxdur (1 Kor. 15:58). Yeniyetmə qardaşlar, siz ruhani məqsədlərə can atırsınızmı? Əgər bu, belədirsə, onda çox yaxşı iş görürsünüz!
[2-ci səhifədəki yazı]
Hər il həqiqətə on minlərlə insan gəldiyindən yığıncaqdakı məsuliyyətləri icra etmək üçün yararlı ruhani kişilərə ehtiyac var
[3-cü səhifədəki çərçivə]
Təcrübə qazanmağın faydası
Ağsaqqallar yeniyetmə qardaşlara tapşırıqlar və təlim verəndə onlar bundan faydalanırlar. Bir dəfə yığıncaqdan sonra rayon nəzarətçisi səhnədə oturub bir təbliğçini ruhlandırırdı. O, balaca bir oğlanın kənarda durub gözlədiyini gördü və soruşdu ki, onunla söhbət etmək üçün gözləyir. Balaca qardaş cavab verdi ki, hər yığıncaq görüşündən sonra səhnəni tozsoranla təmizləmək ona tapşırılıb. Valideynləri getməyə hazırlaşsalar da, o, tapşırığını yerinə yetirməmiş getmək istəmirdi. Rayon nəzarətçisi məmnuniyyətlə səhnədən düşdü. Sonradan o, belə sözlər demişdi: «Həmin yığıncağın ağsaqqalları yararlı yeniyetmə qardaşlara tapşırıqlar verməklə həmişə onları öyrədirdilər. Buna görə də mən yığıncağa baş çəkəndə onlar gənc qardaşları xidməti köməkçi kimi tövsiyə etməyə çətinlik çəkmirdilər».