Şagirdlərin ürəyinə necə yol tapa bilərik?
1. İsa Məsihin öyrətdikləri onu dinləyənlərin ürəyinə necə təsir edirdi?
1 İsa Məsih dinləyicilərinin ürəyinə yol tapa bilirdi. Məsələn, bir dəfə o, Müqəddəs Yazıları şagirdlərinə başa salandan sonra onların ürəyi alışıb yanırdı (Luka 24:32). Allaha itaət etmək insanın ürəyindən gəlməlidir. Bəs dərs keçdiyimiz insanların ürəyinə necə təsir edə bilərik ki, həyatlarında dəyişiklik etsinlər? (Rom. 6:17).
2. Nəzakət və bəsirət insanın ürəyinə yol tapmağa necə kömək edir?
2 Nəzakətli və bəsirətli ol. Sadəcə nəyin düz, nəyin səhv olduğunu demək çoxlarını hərəkətə təşviq etmir. İnsanların dini inanclarını Müqəddəs Kitab ayələri ilə güllə-baran etmək onlarda mənfi hisslər yarada bilər. İnsanı nəyəsə təşviq etmək üçün biz əvvəlcə onun nəyə görə müəyyən şeyə inandığını və ya məhz bu cür davrandığını anlamağa çalışmalıyıq. Onun nöqteyi-nəzərini öyrənmək üçün nəzakətlə düşünülmüş suallar versək, onda o, ürəyindəki dərin düşüncələri açıb deyəcək (Məs. 20:5). Yalnız bundan sonra biz onun ürəyinə təsir edəcək ayələr seçə bilərik. Buna görə biz insanla səmimi maraqlanmalıyıq və səbirli olmalıyıq (Məs. 25:15). Yadda saxla ki, ruhani cəhətdən hamı eyni sürətlə inkişaf etmir. Onlara vaxt ver. Qoy Yehovanın ruhu onların düşüncə və hərəkətlərinə təsir etsin (Mark 4:26—29).
3. Dərs keçdiyimiz insanlara yaxşı xüsusiyyətlər yetişdirməyə necə kömək də bilərik?
3 Yaxşı xüsusiyyətlər yetişdirməyə kömək et. Yehovanın kəramətini və məhəbbətini təsvir edən ayələr dərs keçdiyimiz insana özündə yaxşı xüsusiyyətlər yetişdirməyə kömək edə bilər. Yehovanın hər birimizlə nə dərəcədə maraqlandığını göstərmək üçün ona Zəbur 139:1—4 və Luka 12:6, 7 ayələri kimi ayələr oxuya bilərik. İnsanlar Yehovanın lütfünü ürəkdən qiymətləndirəndə onların Yehovaya məhəbbəti və sədaqəti artacaq (Rom. 5:6—8; 1 Yəh. 4:19). Həmçinin onlar hərəkətlərinin Yehovaya təsir etdiyini öyrənəndə Onu razı salan və şərəfləndirən işlər görmək istəyəcəklər (Zəb. 78:40, 41; Məs. 23:15).
4. Dərs keçdiyimiz insanların iradə azadlığına necə hörmət edə bilərik?
4 Yehova heç kimi əmrlərini yerinə yetirməyə məcbur etmir. Əksinə, O, insanlara Onun məsləhətinə riayət etməyin müdrik olduğunu göstərir və beləliklə onları yola gətirməyə çalışır (Əşy. 48:17, 18). Biz də Yehovadan nümunə götürərək elə öyrətməliyik ki, dərs keçdiyimiz adamlar özləri nəticə çıxartsınlar. Əgər insan həyatında dəyişiklik etməyin lazım olduğunu özü başa düşsə, onda hərəkətə keçəcək (Rom. 12:2). Həmçinin o, ürəkləri araşdıran Yehovaya yaxınlaşacaq (Məs. 17:3).