Yehovanın Kəlamı canlıdır
«Nahum», «Habaqquq» və «Sefanya» kitablarından diqqətəlayiq fikirlər
DÜNYA imperiyası olan Aşşur onqəbiləli İsrail padşahlığının paytaxtı Samariyanı artıq darmadağın edib, indi isə Yəhudaya hücum etməyə hazırlaşır. Yəhuda peyğəmbəri Nahumun Aşşurun paytaxtı Nineva haqqında sözü var. Bu xəbər, b. e. ə. 632-ci ildən əvvəl yazılmış və Müqəddəs Yazıların bir hissəsi olan «Nahum» kitabında yerləşir.
Aşşurdan sonra gələn növbəti dünya imperiyası, hərdən xaldeyli padşahlar tərəfindən idarə edilən Babildir. Yazılması b. e. ə. 628-ci ildə sona çatdığı ehtimal edilən «Habaqquq» kitabında, Yehovanın Öz hökmünü icra etmək üçün Babildən necə istifadə edəcəyi, həmçinin bu dünya imperiyasının aqibəti barədə bəhs edilir.
Yəhudadan olan Sefanya Nahum və Habaqquqdan qabaq peyğəmbərlik etmişdir. Yerusəlimin eramızdan əvvəl 607-ci ildə dağıdılmasından təxminən 40 il öncə peyğəmbərlik edən Habaqquq Yəhuda üçün həm fəlakət, həm də ümid xəbəri bəyan edir. «Sefanya» kitabında digər xalqlara qarşı da hökm sözləri yazılıb.
«QANLI ŞƏHƏRİN VAY HALINA!»
‘Nineva haqqındakı xəbərdarlıq hədsiz səbirli, qüdrətli’ olan Yehova Allahdandır. Yehova Onu axtaranlar üçün ‘dar gündə sığınacaq’ olsa da, Nineva yerlə yeksan edilməlidir (Nahum 1:1, 3, 7).
Yehova ‘Yaqub nəslinə əvvəlki əzəmətini qaytaracaq’. Lakin Aşşur, ‘şikar ovlayan aslan’ kimi, Allahın xalqını qorxu içində saxlayırdı. Yehova ninevalıların ‘döyüş arabalarını tüstüdə yandıracaq, gənc aslanlarını qılınc yeyəcək’ (Nahum 2:2, 12, 13). «Qanlı şəhərin [Ninevanın] vay halına!» Onun haqqında ‘xəbər eşidənlər sevinib əl çalacaq’ (Nahum 3:1, 19).
Müqəddəs Kitab suallarına cavablar:
1:9 — Ninevaya ‘son qoyulanda’ bu, Yəhuda üçün hansı mə’nanı kəsb edəcək? Bu, Aşşurun zülmündən həmişəlik azad olmaq mə’nasını daşıyır; «onlardan [aşşurlulardan] bir daha bəla çıxmaz». Nahum sanki Nineva artıq yox imiş kimi yazır: «Budur, müjdə gətirənin ayaqları dağlar aşır, gəlir, sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir» (Nahum 1:15).
2:6 — «Çayların suyunu saxlayan bəndlər [«qapılar», KM]» nədir və onlar necə açıldı? Qapılar Ninevanı əhatə edən divarların bir hissəsi idi. Onu Dəclə çayının suları məhv etdi. Eramızdan əvvəl 632-ci ildə Babil və Midiyanın birləşmiş qoşunları Ninevaya hücum edəndə onun sakinləri düşünürdülər ki, başlarına heç bir bəla gəlməyəcək. Özlərini hündür divarlar arxasında tam təhlükəsizlikdə hiss edən ninevalılar şəhərlərinin əlçatmaz olduğunu sanırdılar. Ancaq leysan yağışlarından sonra Dəclə çayı daşdı. Tarixçi Diodorun sözlərinə görə, bu, «şəhərin bir hissəsinin batmasına və divarın dağılmasına gətirib çıxardı». Çayların suyunu saxlayan qapılar açıldı və qabaqcadan deyildiyi kimi, Nineva ‘quru küləş tək tamamilə yandı’ (Nahum 1:8-10).
3:4 — Nəyə görə Nineva fahişə ilə müqayisə olunur? Nineva xalqlara dostluq və köməyini və’d etməklə onları aldadır, əslində isə qəddarcasına zülm edirdi. Məsələn, suriyalılar və israillilər birlikdə Yəhuda padşahı Axaza qarşı çıxanda Aşşur ona müəyyən məsələlərdə kömək etdi. Nəhayətdə, «Aşşur padşahı... [Axazın] üstünə gəlib... onu sıxışdırdı» (2 Salnamələr 28:20).
Bizim üçün ibrət dərsləri:
1:2-6. Yehova Ona xüsusi sədaqət göstərməkdən imtina edən düşmənlərindən qisas alır. Bundan görürük ki, Yehova xidmətçilərindən xüsusi sədaqətdən başqa bir şey gözləmir (Çıxış 20:5, YD).
1:10. Ninevanın yüzlərlə qülləsi olan hündür divarları Yehovanın bu şəhərə qarşı dediyi sözünün yerinə yetməsinə mane ola bilmədi. Bu gün də Allahın xalqının düşmənləri Onun hökmündən yaxa qurtara bilməyəcəklər (Süleymanın məsəlləri 2:22; Daniel 2:44).
«SALEH ADAM... YAŞAYACAQ»
«Habaqquq» kitabının birinci və ikinci fəsilləri Yehova Allah və peyğəmbər arasındakı dialoqdur. Yəhudada baş verənlərə görə narahat olan Habaqquq Allahdan soruşur: «Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan?» Cavabında Yehova deyir: ‘Mən amansız və qəddar milləti — Xaldeyliləri sizə qarşı qaldırıram’. Yehovanın Yəhudanı cəzalandırmaq üçün ‘xəyanətkarlardan’ istifadə edəcəyi peyğəmbərdə təəccüb doğurur (Habaqquq 1:3, 6, 13). Allah Habaqququ əmin edir ki, saleh adam yaşayacaq, düşmənlər isə cəzalandırılacaq. Bundan əlavə, Habaqquq Allahın xalqının düşmənləri olan xaldeylilərin üzərinə göndəriləcək beş fəlakətdən danışır (Habaqquq 2:4).
Mərhəmət duasında Habaqquq Yehovanın keçmişdə, məsələn, Qırmızı dənizdə, səhrada və Yerixo düzənliyində möhtəşəm qüvvəsini necə nümayiş etdirdiyini xatırlayır. Peyğəmbər həmçinin Yehovanın Har-Megidonda alovlu qəzəblə yürüş edəcəyini deyir. O, duasına bu sözlərlə yekun vurur: «Xudavənd Rəbb mənim qüvvətimdir, ayaqlarımı maral ayaqları kimi çevik edir, məni zirvələrdə gəzdirir» (Habaqquq 3:1, 19).
Müqəddəs Kitab suallarına cavablar:
1:5, 6 — Nəyə görə xaldeylilərin Yerusəlimi zəbt edəcəkləri yəhudilərə inanılmaz görünürdü? Habaqquq peyğəmbər xidmətinə başlayanda Misir Yəhudaya güclü tə’sir göstərirdi (2 Padşahlar 23:29, 30, 34). Babil hələ təzə-təzə güclənirdi və onun qoşunlarının fir’on Nekonu məğlub edəcəyi vaxt hələ gəlib çatmamışdı (Yeremya 46:2). Üstəlik, Yehovanın mə’bədi Yerusəlimdə yerləşirdi və Davudun sülaləsindən olan padşahlar arasıkəsilmədən hökmranlıq edirdilər. Buna görə də, həmin vaxtda yaşayan yəhudilər ağıllarına belə gətirmirdilər ki, Yehova xaldeylilərə Yerusəlimi dağıtmağa izin verəcək. Habaqququn sözləri onlar üçün nə qədər ağlasığmaz görünsə də, Yerusəlimin babillilər tərəfindən məhv olunacağı barədə görüntü eramızdan əvvəl 607-ci ildə yerinə yetdi (Habaqquq 2:3).
2:5, YD — Bu «adam» kimdir və nəyə görə «məqsədinə çatmayacaq»? Bu simvolik «adam» xalqları ələ keçirən və mahir döyüşçü olan babillilər idi. Çaldığı zəfərlər şərab kimi onu sərxoş etdi. Lakin bu «adam» bütün millətləri zəbt etməyə müvəffəq olmayacaq, çünki Yehova midiyalıların və farsların vasitəsilə onu məhv edəcək. Müasir simvolik «adam» siyasi qüvvələri təmsil edir. Özünə güvənməsi və təkəbbürü onu da sərxoş edib, ərazisini genişləndirmək arzusu isə sönmək bilmir. Amma o, ‘bütün millətləri zəbt etmək’ niyyətinə müvəffəq olmayacaq. Bəşəriyyəti yalnız Allahın Padşahlığı birləşdirəcək (Matta 6:9, 10).
Bizim üçün ibrət dərsləri:
1:1-4; 1:12–2:1. Habaqququn səmimi-qəlbdən verdiyi suallara Yehova cavab verirdi. Həqiqi Allah sadiq xidmətçilərinin dualarını dinləyir.
2:1. Habaqquq kimi, biz də ruhən ayıq-sayıq durmalıyıq və Yehovaya fəal xidmət etməliyik. Məsləhət alanda onu qəbul etməli və düşüncə tərzimizdə dəyişikliklər etməyə hazır olmalıyıq.
2:3; 3:16. Yehovanın gününü əminliklə gözləyərək gəlin ruhani sayıqlığımızı itirməyək.
2:4. Yehovanın yaxınlaşan hökm günündə sağ qalmaq üçün biz sadiq olmalı və təhəmmül etməliyik (İbranilərə 10:36-38).
2:6, 7, 9, 12, 15, 19. Əyri yolla varlananların, zorakılığı sevənlərin, əxlaqsızlıq və bütpərəstliklə məşğul olanların vay halına! Bu kimi meyllərdən və işlərdən qaçmalıyıq.
2:11. Dünyanın pis işlərini ifşa etməsək, «divar daşları... fəryad qoparacaq». Padşahlıq haqqında xoş xəbəri cəsarətlə təbliğ etməyimiz necə də vacibdir!
3:6. Yehova hökmünü icra etməyə başlayanda heç nə, hətta dağlar və təpələr kimi sarsılmaz görünən təşkilatlar da, Onun qarşısını ala bilməyəcək.
3:13. Biz əminik ki, Har-Megidonda hər şey necə gəldi məhv edilməyəcək. Yehova sadiq xidmətçilərini xilas edəcək.
3:17-19. Har-Megidondan qabaq və Har-Megidon zamanı çətinliklərlə üzləşsək də əmin ola bilərik ki, Yehova bizə ‘qüvvət’ verəcək, biz isə Ona xidmətimizi sevinclə davam etdirəcəyik.
YEHOVANIN «GÜNÜ YAXINLAŞIR»
Yəhudada Baala ibadət geniş yayılıb. Yehova peyğəmbəri Sefanya vasitəsilə deyir: «Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin hamısını cəzalandıracağam». Sefanya xəbərdarlıq edir: «[Yehovanın] günü yaxınlaşır» (Sefanya 1:4, 7, 14). Yalnız Allahın tələblərinə cavab verənlər həmin gündə ‘qurtulacaqlar’ (Sefanya 2:3).
«Qəddar şəhərin [Yerusəlimin] vay halına!» «Buna görə Rəbb bəyan edir: “Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı... qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm”». Bununla yanaşı Allah və’d edir: «O zaman sizi toplayıb yurdunuza geri qaytaracağam. Görəcəksiniz, Mən sizi yenə firavan edəndə bütün dünya xalqları arasında sizə şan-şöhrət verəcəyəm» (Sefanya 3:1, 8, 20).
Müqəddəs Kitab suallarına cavablar:
2:13, 14 — Yerlə yeksan edilmiş Ninevada kim «ulayacaq»? Nineva vəhşi heyvanların və quşların məskəni olacağı üçün, bu səs quşların, yaxud boş qalmış evlərin pəncərələrindən vıyıldayan küləyin səsinə aid ola bilər.
3:9 — «Pak dil» nədir və bu dildə necə danışmaq olar? Bu, Allahın Kəlamı olan Müqəddəs Kitabda yazılan həqiqətdir. Bu dilə Müqəddəs Kitabın bütün tə’limləri daxildir. Biz həqiqətə inanmaqla, onu digərlərinə dəqiq çatdırmaqla və Allahın iradəsinə uyğun yaşamaqla bu dildə danışırıq.
Bizim üçün ibrət dərsləri:
1:8. Görünür, Sefanyanın günlərində bə’ziləri ‘əcnəbi dəbi ilə geyinərək’ ətraf xalqların rəğbətini qazanmağa çalışırdılar. Yehovanın müasir xidmətçisinin dünyanı bu cür təqlid etməyə sə’y göstərməsi necə də ağılsızlıq olardı!
1:12; 3:5, 16. Yehova peyğəmbərlərini dəfələrlə göndərirdi ki, xalqını Onun hökmləri barədə xəbərdar etsinlər. Yəhudilərin bir çoxu firavan və qayğısız yaşayırdılar və Allahın xəbərinə laqeyd yanaşırdılar, amma buna baxmayaraq, Yehova peyğəmbərlərini göndərməyə davam edirdi. Yehovanın möhtəşəm günü yaxınlaşdıqca insanların laqeyd münasibətinə görə ‘əllərimizin taqətdən düşməsinə’ yol verməməliyik, əksinə, tə’xirə salmadan Padşahlıq haqqında xəbəri təbliğ etməliyik.
2:3, KM. Özünün qəzəb günündə bizi yalnız Yehova xilas edə bilər. Yehovanın lütfünü itirməmək üçün Onu Kəlamı olan Müqəddəs Kitabı diqqətlə araşdırmaqla, duada rəhbərliyini diləməklə və Ona yaxınlaşmaqla ‘axtarmalıyıq’. Əxlaqi cəhətdən təmiz həyat sürməklə ‘salehliyi axtarmalıyıq’. Təvazökarlığı və itaətkarlığı inkişaf etdirməklə ‘təvazökarlığı axtarmalıyıq’.
2:4-15; 3:1-5. Yehovanın hökmü yerinə yetirilən gün Xristian dünyası və Allahın xalqını tə’qib edən bütün millətlər qədim Yerusəlimin və onu əhatə edən xalqların aqibətinə mə’ruz qalacaqlar (Vəhy 16:14, 16; 18:4-8). Biz cəsarətlə Allahın hökmlərini bəyan etməliyik.
3:8, 9. Yehovanın gününü gözlədiyimiz müddətdə ‘pak dili’ öyrənməklə və özümüzü Ona həsr edib ‘adını çağırmaqla’ xilasa hazırlaşırıq. Biz həm də xalqı ilə birlikdə Yehovaya ‘çiyin-çiyinə xidmət edir’ və hədiyyə olaraq Ona «həmd qurbanını» təqdim edirik (İbranilərə 13:15).
«Tez gələcək»
Məzmurçu oxuyurdu: «Bir az gözlə, pis yox olacaq, yerini axtarsan belə, tapılmayacaq» (Məzmur 37:10). «Nahum» kitabındakı Nineva, «Habaqquq» kitabındakı Babil və dönük Yəhuda haqqındakı peyğəmbərliklərin üzərində düşünəndə, məzmurçunun sözlərinin mütləq yerinə yetəcəyinə heç bir şübhə qalmır. Bəs biz nə qədər gözləməli olacağıq?
Sefanya 1:14 ayəsində deyilir: «Rəbbin [Yehovanın] möhtəşəm günü yaxınlaşır. Yaxınlaşır, tez gələcək». Həmçinin «Sefanya» kitabı göstərir ki, həmin gündə qurtulmaq üçün nə etməliyik və xilas olmaq üçün indidən necə hazırlaşmalıyıq. Həqiqətən də, ‘Allahın kəlamı canlı və tə’sirlidir’ (İbranilərə 4:12).
[8-ci səhifədəki şəkil]
Ninevanın hündür divarları Nahumun peyğəmbərliyinin yerinə yetməsinə mane olmadı.
[İcazə ilə]
Randy Olson/National Geographic Image Collection