Yehovanın qabaqcadan dedikləri həyata keçir
«ALLAH Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur! Axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən bildirən... Mənəm» (Yeşaya 46:9, 10). Bu sözləri gələcəyi dəqiqliklə xəbər verməyə qadir olan Yehova Allah deyir.
İnsanın gələcəyi dəqiqliklə söyləyə bilməməsi hamıya bəllidir. Müqəddəs Yazılar peyğəmbərlik kitabı olduğu üçün, həqiqəti axtaran bütün insanlar təşviq olunmalıdırlar ki, onun müəllifinin Allah olub-olmadığını araşdırsınlar. Gəlin Müqəddəs Kitabın artıq yerinə yetmiş bəzi peyğəmbərliklərini araşdıraq.
Qədim sivilizasiyalar
Allah qabaqcadan demişdi ki, Babil əbədilik məhvə uğrayacaq, həmçinin Edom, Moav, Ammon da həmişəlik yox ediləcək (Yeremya 48:42; 49:17, 18; 51:24-26; Avdiya 8, 18; Sefanya 2:8, 9). Bu millətlərin bütöv bir xalq kimi yox olması Allahın peyğəmbərlik Kəlamının doğruluğunu sübut edir.
Əlbəttə, hansısa bir xalqın, həm də qüdrətli bir xalqın axırda yox olacağını qabaqcadan deməyin mümkün olmasına kimsə şübhə edə bilər. Ancaq buna şübhə edənlər nəzərə almırlar ki, Müqəddəs Kitab bu barədə qısaca danışmaqla kifayətlənmir. Məsələn, orada Babilin necə süquta uğrayacağı təfərrüatı ilə təsvir olunur. Şəhərin midiyalılar tərəfindən zəbt ediləcəyi, istilaçılara Kirin başçılıq edəcəyi və şəhəri müdafiə edən çayların qurudulacağı Müqəddəs Kitabda qabaqcadan deyilmişdi (Yeşaya 13:17-19; 44:27–45:1).
Müqəddəs Kitab hər məğlubiyyətə uğrayan xalqın və ya millətin həmişəlik yer üzündən silinəcəyini söyləməyib. Əksinə, Allah Yerusəlimin babillilər tərəfindən yerlə-yeksan ediləcəyini deyərkən, şəhərin yenidən bərpa ediləcəyini xəbər vermişdi, baxmayaraq ki, babillilər heç vaxt öz əsirlərini azad buraxmırdılar (Yeremya 24:4-7; 29:10; 30:18, 19). Allahın bu sözü yerinə yetdi. Yəhudilərin nəsli bir xalq kimi indiyədək mövcuddur.
Sonra Yehova Misirin dünya imperiyası kimi süquta uğrayacağını, ancaq ‘sonra əvvəllər olduğu kimi adamların yenə Misirdə yaşayacağını’ demişdi. Vaxt keçdikcə, bu qədim dünya imperiyası ‘zəif bir padşahlığa’ çevriləcəkdi (Yeremya 46:25, 26; Yezekel 29:14, 15). Bu sözlər də doğru oldu. Bundan əlavə, Yehova Yunanıstanın bir dünya imperiyası kimi süquta uğrayacağını xəbər versə də, heç vaxt bu xalqın əbədilik məhv olacağını deməmişdi. Məhv olacaqları xəbər verilən xalqların yox olması, məhvi haqqında heç bir söz deyilməyən xalqların isə indiyədək mövcud olmasından nə öyrənirik? Allahın Kəlamındakı peyğəmbərliklərin həqiqi və etimada layiq olduğunu.
Heyrətamiz təfərrüatlar
Yuxarıda qeyd etdiyimiz kimi, Yehova Babilin darmadağın ediləcəyini ətraflı təsvir etmişdi. Eynilə, «Yezekel» kitabında Surun yerlə-yeksan ediləcəyi peyğəmbərlik edilərkən onun daşlarının, taxtalarının və töküntülərinin ‘suya atılacağı’ deyilmişdi (Yezekel 26:4, 5, 12). Bu peyğəmbərlik b. e. ə. 332-ci ildə yerinə yetdi. Böyük İsgəndərin ordusu Surun işğal edilmiş qurudakı hissəsinin dağıntıları ilə onun ada hissəsinə bənd saldı, sonra şəhərin ada hissəsini də zəbt etdi.
Daniel 8:5-8, 21, 22 və 11:3, 4 ayələrindəki peyğəmbərlikdə də çox qüdrətli ‘Yunan padşahı’ haqqında maraqlı təfərrüatlar var idi. Bu hökmdar öz hakimiyyətinin çiçəkləndiyi bir vaxtda öləcək və padşahlığı onun nəslindən olmayan dörd nəfərin arasında bölünəcəkdi. Bu peyğəmbərliyin yazılmasından 200 ildən çox vaxt keçəndən sonra həmin qüdrətli padşah Böyük İsgəndər oldu. Tarixdən öyrəndiyimiz kimi, İsgəndər vaxtsız ölür, imperiyası isə onun nəslindən olmayan dörd sərkərdəsi arasında bölüşdürülür.
Tənqidçilər iddia edirlər ki, bu peyğəmbərlik hadisələrin baş verməsindən sonra yazılıb. Ancaq gəlin yuxarıda «Daniel» kitabından gətirilən parçaya yenidən nəzər salaq. Peyğəmbərlik baxımından oradakı təfsilatlar qeyri-adi görünür. Yox əgər bu, peyğəmbərlik kimi qələmə verilən tarixdirsə, onda sizə elə gəlmirmi ki, həddən artıq çox təfərrüat buraxılıb? Əgər İsgəndərdən sonra yaşayan bir fırıldaqçı oxucularını uydurma peyğəmbərliklə valeh etmək istəyirdisə, bəs nə üçün İsgəndərin ölümündən dərhal sonra onun iki oğlunun öz hakimiyyətini bərqərar etməyə çalışdığını, lakin sui-qəsd nəticəsində öldürüldüyünü yazmayıb? Nəyə görə o, sərkərdələrin dördünün də İsgəndərin imperiyasının müxtəlif hissələrində özlərinin hakimiyyətini bərqərar edənə kimi onilliklər keçdiyini qeyd etməyib? Nə üçün qüdrətli padşahın və onun dörd sərkərdəsinin adını çəkməyib?
Faktları araşdırmadan gələcək hadisələri qabaqcadan deməyin qeyri-mümkün olduğu qənaətinə gələn şəxslər Müqəddəs Kitab peyğəmbərliklərinin hadisələr baş verdikdən sonra yazıldığını uzun müddətdir ki, iddia etsələr də, heç cür sübuta yetirə bilmirlər. Onlar Müqəddəs Kitabı Allahın Kəlamı kimi qəbul etmədiklərindən hər şeyi insan nöqteyi-nəzərindən izah etməyə çalışırlar. Buna baxmayaraq, Allah Müqəddəs Kitabın müəllifinin Özü olduğunu sübut etmək üçün peyğəmbərlikləri kifayət qədər təfərrüatı ilə veriba.
Müqəddəs Kitabın müəyyən peyğəmbərlikləri və onların yerinə yetməsi üzərində düşünməyə vaxt ayırsanız, imanınız möhkəmlənəcək. Nə üçün Müqəddəs Kitabın hansısa peyğəmbərliyini araşdırmayasınız? Bu baxımdan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 200-cü səhifəsindəki cədvəl sizin üçün faydalı ola bilərb. Bu məsləhətə əməl etmək qərarına gəlsəniz, qoy məqsədiniz imanınızı möhkəmləndirmək olsun. Materialı tələsik oxuyub qurtarmağa çalışmayın. Əksinə, Yehovanın qabaqcadan dediklərinin dəqiqliklə həyata keçməsi üzərində minnətdarlıqla düşünün.
[Haşiyələr]
a Müqəddəs Kitab peyğəmbərliklərinin hadisələr baş verdikdən sonra yazıldığı fikrini təkzib edən əlavə məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Qayğıkeş Yaradan mövcuddurmu?» kitabının 106-111-ci səhifələrinə (rus.) baxın.
b Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.
[24-cü səhifədəki çərçivə/şəkil]
VACİB PRİNSİPLƏR
Üzərində düşünməli olduğumuz bir şey də var. Dünya imperiyalarının yaranmasını və süquta uğramasını belə dəqiqliklə söyləyən Allah, həm də Müqəddəs Kitab vasitəsilə vacib prinsiplər təqdim edir. Onlardan bəziləri aşağıdakılardır:
İnsan nəyi əkərsə, onu da biçər (Qalatiyalılara 6:7).
Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir (Həvarilərin işləri 20:35).
Xoşbəxtlik ruhani ehtiyacların ödənilməsindən asılıdır (Matta 5:3).
Bu prinsipləri həyatınızda tətbiq etsəniz, onların xoşbəxtlik və uğur gətirdiyinə əmin olacaqsınız.
[22, 23-cü səhifədəki şəkillər]
Allahın Kəlamında bu sivilizasiyaların həmişəlik məhv olunacağı deyilmişdi...
EDOM
BABİL
...ancaq bu sivilizasiyaların məhv olunacağı deyilməmişdi
YUNANISTAN
MİSİR
[İcazə ilə]
Pictorial Archive (Near Eastern History) Est.
WHO photo by Edouard Boubat
[23-cü səhifədəki şəkillər]
Böyük İsgəndər