Ticarət yerlərində təbliğ
HƏVARİ Pavel Afina şəhərində olanda hər gün bazar meydanına gedib İsa haqqında xoş xəbəri təbliğ edirdi (Həv. iş. 17:17). Pavel buranı Afina sakinlərinin daha çox vaxt keçirdikləri yer olduğu üçün seçmişdi.
Təxminən 2 000 il keçsə də, Yehovanın xalqı Onun Padşahlığı haqda xoş xəbəri yaymaq üçün ticarət yerlərində təbliğ edir. Nəyə görə? Çünki çox insanları belə yerlərdə tapmaq olur. Bu gün bazar meydanı ticarət mərkəzləri ola bilər. Belə yerlərin müdirindən, yaxud sahibindən icazə aldıqdan sonra bəzi Şahidlər Müqəddəs Kitaba əsaslanan nəşrləri nümayiş etdirmək üçün orada masa qoyurlar.
Misal üçün, ABŞ-ın Nyu–Cersi ştatındakı ticarət mərkəzlərindən birində «Ailə dəyərlərini necə qoruyub saxlamaq olar?» mövzusu ilə bağlı cəlbedici nəşrlər nümayiş etdirilmişdi. Bunun nəticəsi nə olmuşdu? Bir gündə 6 dildə 153 kitab paylanmışdı.
Ədəbiyyat masasına yaxınlaşan bir qadın bacımızın verdiyi izaha diqqətlə qulaq asırdı. Qadın razılaşdı ki, həyatımızda və ailəmizdə Allahın iradəsini nəzərə almaq vacibdir. O, «Böyük Müəllimdən öyrən» (rus.), «Ailə xoşbəxtliyinin sirri», «Gənclərin sualları. Praktiki məsləhətlər» (rus.) kitablarını aldı.
Günortadan sonra ədəbiyyat masasının yanından keçib növbəti mağazaya gedən bir kişinin diqqətini «Gənclərin sualları» kitabı cəlb etdi. Masanın arxasında duran bacı həmin kişinin bu kitabla maraqlandığına fikir verib soruşdu: «Sizi hansı kitab maraqlandırır?» O, başı ilə «Gənclərin sualları» kitabına işarə etdi. Bacı bu kitabı ona verdi. Kişi üç oğlu olduğunu dedi. O, söhbət əsnasında bildirdi ki, həftədə bir dəfə uşaqlarını başına yığıb söhbət edir. Onun iki böyük oğlu yeniyetmədir. Kişi kitabı vərəqləyərkən onu ailə müzakirələrində istifadə edə biləcəyini söylədi. Təbliğçi onun diqqətini «Ailə xoşbəxtliyinin sirri» kitabına yönəldib onu əmin etdi ki, arvadı ilə birgə ailə həyatları üçün faydalı məsləhətlər tapacaqlar. Kişi təklif üçün öz təşəkkürünü bildirdi, ianə etdi və hansısa bir Şahidin onlara baş çəkməsinə razılıq verdi.
Ticarət mərkəzində təbliğ edən Şahidlər günün sonunda özlərini necə hiss edirdilər? Bir bacı deyir: «Bu təbliğ üsulu şəxsən mənim çox xoşuma gəldi. Hər şey çox gözəl keçdi!» Başqa bacı bölüşür: «Yehova demişdi ki, xoş xəbər dünyanın ən ucqar yerlərinə qədər təbliğ olunacaq. Bu gün Nyu–Cersinin Paramus şəhərində xoş xəbər müxtəlif dillərdə danışan insanların ürəyinə yol tapıb. Ticarət mərkəzində şahidlik etmək mənə çox xoş idi. Onda iştirak edənlərin hamısı sevinc duydu. Günün sonunda heç birimiz dağılışmaq istəmirdik».
Xoş xəbəri təbliğ edərkən müxtəlif üsullardan istifadə edə bilərsənmi? Bizim ən başlıca təbliğ üsulumuz evdən-evə təbliğdir (Həv. iş. 20:20). Bununla belə, ticarət mərkəzlərində şahidlik etmək barədə düşünə bilərdinmi?