Qeyri-rəsmi surətdə şahidlik edərək Yehovanı mədh et
1 Yehovanın sadiq xidmətçiləri Onu hər gün mədh etmək üçün imkanlar axtarırlar (Məz. 96:2, 3; İbr. 13:15). Bu imkanlardan biri, qeyri-rəsmi surətdə şahidlik etməkdir. Yehovanın bir çox xidmətçiləri, Padşahlıq haqqında xəbəri ilk dəfə qeyri-rəsmi surətdə şahidlik vasitəsilə eşitdikləri üçün çox şad olmuşlar.
2 Tez-tez olur ki, bir insana qeyri-rəsmi surətdə şahidlik edəndə, onun vasitəsilə Padşahlıq haqqında xəbəri başqaları da eşidir. Məsələn, Yaqubun quyusu yaxınlığında İsanın samariyalı bir qadınla söhbətindən sonra, şəhərin digər sakinləri də xoş xəbərə maraq göstərdilər (Yəh. 4:6-30, 39-42). Pavel və Sila Filipidə həbsxanada olarkən, keşikçiyə təbliğ edirdilər. Nəticədə isə o, həmçinin onun ailə üzvlərinin hamısı həqiqəti qəbul etdilər (Həv. iş. 16:25-34).
3 Mövcud olan imkanlar. Qeyri-rəsmi surətdə harada şahidlik edə bilərsən? Bə’ziləri bunu mağazada, ictimai nəqliyyatda və ya həkimin qəbuluna növbə gözləyərkən edirlər. Başqaları işdə fasilə vaxtı və ya məktəbdə tənəffüs zamanı şahidlik edirlər. Hətta sadəcə olaraq Müqəddəs Kitaba əsaslanan nəşrlərimizdən birini göz qabağına qoysaq, ehtimal ki, kim isə bizim imanımızla maraqlanacaq (1 Pet. 3:15).
4 Başlamağın üsulu. Yeddi yaşlı utancaq qız yığıncaqda eşidir ki, təbliğ etmək olduqca zəruridir. Anası ilə mağazaya hazırlaşarkən, çantasına iki broşüra qoyur. Anası piştaxtanın yanında dayandığı müddətdə, qız broşüranı bir qadına təqdim edir, qadın da öz növbəsində broşüranı məmnuniyyətlə alır. Anası qızdan tanımadığı qadına yaxınlaşmaq üçün haradan cəsarət topladığını soruşduqda, qız cavab verir: “Özüm özümə dedim: hazırlaş, diqqət, marş! Sonra isə yaxınlaşdım”.
5 Qeyri-rəsmi surətdə şahidlik etmək üçün, biz də bu balaca qız kimi sə’yli olmalıyıq. Bu işdə bizə nə kömək edə bilər? Cəsarətlə danışmaq üçün Yehovadan kömək dilə (1 Salon. 2:2). Söhbətə başlaya biləsən deyə, qabaqcadan sual və ya mövzu hazırla. Əmin ol ki, Yehova sənin sə’yinə xeyir-dua verəcək (Luka 12:11, 12).
6 Hər gün qarşılaşdığımız adamlara qeyri-rəsmi surətdə şahidlik edərək, Yehovanı mədh edir, özümüz isə sevinc duyuruq. Bu, kimlərinsə əbədi həyat yoluna durmalarına kömək edə bilər.