Axşamçağı təbliğ edə bilərsənmi?
1. Bir Müqəddəs Kitab aliminin sözlərinə görə, həvari Pavel evdən-evə təbliğdə nə vaxt iştirak edirdi?
1 «Müqəddəs Kitabın yazıldığı dövrdə məişət» kitabında qeyd olunur ki, Pavel, adətən, «günorta saat 4-dən gecəyədək» evdən-evə təbliğ edirdi. Biz Pavelin qrafikinin necə olduğunu bilməsək də, onun «xoş xəbər uğrunda» əlindən gələni etdiyinə əminik (1 Kor. 9:19—23). Buna görə o hətta işlərini elə düzüb-qoşurdu ki, evdən-evə xidmətdə daha əlverişli vaxtda iştirak etsin.
2. Xidmətdə iştirak etmək üçün nəyə görə axşamçağı əlverişli vaxtdır?
2 Adətən, bir çox yerlərdə təbliğçilər evdən-evə səhərlər təbliğ edirlər. Səncə, bu, sizin ərazi üçün də əlverişli vaxtdır? Bir pioner öz ərazisi barədə belə sözlər demişdi: «Çətin ki, gündüzlər kimisə evdə tapasan. İnsanların çoxu axşamlar evdə olur». İnsanları evdə tapmaq və xoş xəbəri çatdırmaq üçün axşamçağı təbliğ etmək əlverişlidir. Əksər hallarda, axşamlar insanlar özlərini daha rahat hiss edir və söhbət etməyə meyilli olurlar. Axşamlar təbliğ etmək əlverişli olan ərazilərdə ağsaqqallar təbliğ üçün görüşlərin axşamçağı keçirilməsinin qayğısına qalmalıdırlar.
3. Axşamçağı şahidlik ediriksə, necə ehtiyatlı ola bilərik?
3 Uzaqgörən ol. Axşamlar xidmətə çıxanda ehtiyatlı olmaq vacibdir. Məsələn, əgər sən yemək vaxtı gəlmisənsə və bu, ev sahibi üçün münasib deyilsə, onda başqa vaxt gəlməyi təklif edə bilərsən. Əgər qaranlıqdırsa, ev sahibinin səni görə biləcəyi yerdə dur, özünü təqdim et və məqsədini açıqla. Həmçinin iki-iki və ya qrup şəklində təbliğ etmək və qaranlıq küçələrdə tək gəzməmək müdriklik olardı. Sahəyə insanların yatmağa hazırlaşdıqları bir vaxtda gedib onları narahat etmə (2 Kor. 6:3). Əgər təbliğ etdiyin ərazi axşamlar təhlükəlidirsə, onda çalış, qaranlığa qalmayasan (Sül. məs. 22:3).
4. Axşamçağı şahidlik etmək hansı xeyir-dualar gətirir?
4 Xeyir-dualar. Təbliğ zamanı şahidlik etmək imkanımız olanda xidmətdən daha çox sevinc əldə edirik. Nə qədər çox şahidlik etmək fürsətimiz olsa, bir o qədər də insanlara «xilas olub həqiqət barəsində dəqiq biliyə» yiyələnməyə kömək etmək imkanımız olacaq (1 Tim. 2:3, 4). Axşamçağı xidmətdə iştirak etmək üçün qrafikində dəyişikliklər edə bilərsənmi?