Yehova bizə təlim verir
1. Yehova təyinat verərkən xidmətçilərini nəyə əmin edir?
1 Yehova insanlara təyinat verməklə yanaşı, onu yerinə yetirmək üçün lazımi köməyi də təqdim edir. Məsələn, Yehova Nuha gəmi tikməyi — heç vaxt görmədiyi bir işi tapşıranda həmin işi necə etməli olduğunu da demişdi (Yar. 6:14—16). Yehova həlim çoban olan Musaya İsrail ağsaqqallarının və fironun yanına getməyi buyuranda onu əmin edərək demişdi: «Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm» (Çıx. 4:12). Bizə həvalə olunan xoş xəbəri təbliğ etmək işinə gəldikdə Yehova bizə də rəhbərlik verir. O, bizi Teokratik Xidmət Məktəbi və Xidməti görüş vasitəsilə öyrədir. Biz bunlardan necə faydalana bilərik?
2. Teokratik Xidmət Məktəbindən necə faydalana bilərik?
2 Teokratik Xidmət Məktəbi. Hər yığıncaqdan qabaq proqramda gətirilən materialı oxu və araşdır. Sonra məktəbdə şagirdlərin həmin məlumatı öz nitqlərində necə istifadə etdiklərinə diqqət yetir və öyrətmə qabiliyyətini püxtələşdir (Sül. məs. 27:17). «Xidmət Məktəbi» kitabını yığıncaq görüşlərinə gətir və ondan istifadə et. Məktəbin nəzarətçisi hər şagirdin çıxışından sonra kitaba istinad edərək məsləhət verəndə tətbiq etmək istədiyin əsas fikirlərin altından xətt çək və kənarlarında qeydlər apar. Ancaq məktəbdən tam fayda əldə etməyin ən yaxşı üsulu iştirak etməkdir. Bəs sən məktəbə yazılmısanmı? Məktəbdə tapşırıq alanda ona yaxşı-yaxşı hazırlaş və verilən məsləhətləri tətbiq et. Öyrəndiklərini xidmətdə istifadə et.
3. Xidməti görüşdən necə fayda əldə edə bilərik?
3 Xidməti görüş. Proqram üzrə verilmiş materialı qabaqcadan oxusaq və şərhlər hazırlasaq, yığıncaqda verilən məsləhətlər daha yaxşı yadımızda qalacaq. Əgər şərhlərimiz qısa olsa, çoxlarının iştirak etmək imkanı olacaq. Səhnəciklərə diqqətlə tamaşa et və xidmətini daha səmərəli edəcək təklifləri tətbiq et. «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsindəki xidmət üçün faydalı olan məqalələri saxla ki, lazım olanda istifadə edəsən.
4. Nəyə görə teokratik təlimdən səmərəli istifadə etməliyik?
4 Nuha və Musaya aldıqları tapşırığı yerinə yetirmək çətin olduğu kimi, bu gün bizə də xoş xəbəri bütün dünyada təbliğ etmək bir o qədər də asan deyil (Mat. 24:14). Əgər Dahi Nəsihətçimiz Yehovaya güvənsək və Onun təqdim etdiyi təlimə əsasən davransaq, bu işdə uğur qazana bilərik (Yeşaya 30:20).